AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
MDB qiymətləndiricilərinin 2-ci Beynəlxalq konqresinin iştirakçıları adından Sizi - görkəmli dövlət və siyasi xadimi, bütün dünyada tanınan planetar miqyaslı siyasətçini, Azərbaycan xalqının şanlı övladını möhtəşəm yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibəti ilə ürəkdən təbrik edirik! Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının səadəti, Azərbaycanın çiçəklənməsi, onun ərazi bütövlüyünün bərpası və Qafqaz bölgəsində sabitlik naminə uzun illər səmərəli fəaliyyət arzulayırıq. Sizin dövlətçilik zəkanız, tarixin ən mürəkkəb eniş-yoxuşlarında dövləti idarə etmək məharətiniz, cəmiyyəti sıx birləşdirmək qabiliyyətiniz və ən çətin vəziyyətlərdə öz xalqınızın mənafelərini müdafiə etmək bacarığınız təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox-çox uzaqlarda Sizə milyonlarla insanın dərin ehtiramını qazandırmışdır. Son 30 ildən artıq müddət ərzində Azərbaycan xalqının bütün mühüm nailiyyətləri Sizin adınız və çoxşaxəli fəaliyyətiniz ilə bağlıdır. Müstəqil Dövlətlər Birliyi ölkələrində yaşlı nəsil 1970-80-ci illərin dillər əzbəri olmuş bir kəlamı - “Azərbaycan iri addımlarla irəliləyir” ifadəsini yaxşı xatırlayır. Doğrudan da, o dövrdə Azərbaycan Respublikası öz qətiyyətli lideri Heydər Əliyevin rəhbərliyi ilə irəliyə mətin addımlarla gedirdi. Bu addımlarla o vaxtkı nəhəng ölkə ayaqlaşmağa çalışırdı.
Dünya miqyasında tanınan siyasi və dövlət xadimi Heydər Əliyevin müdrik rəhbərliyi ilə suveren Azərbaycan Respublikasının iqtisadiyyatda, mədəniyyətdə, dövlət quruculuğunda, tarazlaşdırılmış xarici siyasət yeridilməsində yeni-yeni uğurlar qazanaraq bu gün də əzmlə irəliləməsini müşahidə etmək bizə məmnunluq və fərəh duyğuları bəxş edir.
Sizin səmərəli siyasi və dövlətçilik fəaliyyətiniz xalqına sədaqətlə xidmət nümunəsi olmaqla yanaşı, həmçinin başqa xalqlara da fayda gətirə biləcək çox dəyərli bir təcrübə mənbəyidir.
Əziz Heydər Əlirza oğlu!
Şanlı yubileyiniz münasibəti ilə Sizi və bütün Azərbaycan xalqını MDB Qiymətləndiricilər Birlikləri Şurası adından, habelə qiymətləndiricilərin 2-ci Beynəlxalq Konqresi adından təbrik edirik. Bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar, tarixə belə övlad bəxş etmiş Azərbaycan xalqına isə yeni nailiyyətlər, sülh və tərəqqi arzulayırıq!
Konqres adından dərin ehtiramla,
MDB Qiymətləndiricilər Birlikləri
Şurasının sədri
professor N.Y.Trifonov