AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Heydər Əliyev!
Dünyanın müxtəlif guşələrində yaşayan 50 milyon azərbaycanlının yarım milyondan çoxu Gürcüstandadır.
Milli münaqişələrin kəskinləşdiyi, Gürcüstanda yaşayan azərbaycanlıların öz ata-baba yurdlarından qovulmaq təhlükəsi yarandığı bir vaxtda Tanrı yenidən Sizi Azərbaycana rəhbər göndərdi və Siz dünya azərbaycanlılarının dayağı oldunuz.
Sizin rəhbərliyə qayıdışınız iki qonşu dövlət - Gürcüstan və Azərbaycan, onların xalqları arasında dostluq əlaqələrini inkişaf etdirərək, özünün ən yüksək zirvəsinə çatdırdı. Gürcüstanda yaşayan azərbaycanlılar bu qayğı sayəsində öz ata-baba yurdlarında möhkəmləndilər.
Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində, Gürcüstanda yaşayan azərbaycanlılara maddi və mənəvi kömək göstərilməsində Sizin tapşırığınızla Şəmkir rayonunun ictimaiyyəti çox yaxından iştirak edir. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar, Sizin tapşırığınıza əsasən, Şəmkir Rayon İcra Hakimiyyətinin köməyi ilə Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin qəbirüstü abidələri qoyulmuş, M.F.Axundovun, C.Məmmədquluzadənin, N.Nərimanovun muzeyləri bərpa olunmuşdur. Gürcüstandakı Azərbaycan məktəblərinin təmiri, dərslik və avadanlıqla təminatı, burada yaşayan imkansızlara, ehtiyacı olanlara yardımların edilməsi, milli bayramlarda sovqatların göndərilməsi şəmkirlilər üçün adi hala çevrilmişdir.
Hörmətli el sənətkarı, Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunmuş əməkdar incəsənət xadimi, aşıq Kamandarın sağlığında və ölümündən sonra ailəmizə olan diqqət və qayğını xüsusi olaraq qeyd etmək istəyirəm. Marneulidə aşıq Kamandarın yubileyinin keçirilməsinə, xəstəxanada müalicəsinə maddi kömək göstərən şəmkirlilər onun və bir müddət əvvəl dünyasını dəyişmiş oğlunun - qardaşım rejissor Cavanşir Əfəndiyevin dəfn mərasimində də yaxından iştirak etmişlər. Məhz onların qayğısı sayəsində Şəmkirdə atamın və qardaşımın qara qranitdən qəbirüstü abidələri hazırlanmış, hər ikisinin qəbirləri götürülmüşdür.
Bu diqqət və qayğıya görə bütün borçalılar adından və aşıq Kamandarı sevərlər adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıram. Biz inanırıq ki, Azərbaycan xalqı yekdilliklə Sizin namizədliyinizi müdafiə edərək, Sizə səs verəcəkdir.
Qarşınızda baş əyir, əlinizdən öpürük.
Tanrı Sizə yar olsun!
Hörmətlə,
Əflatun Kamandar oğlu
Əfəndiyev