AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Əziz və möhtərəm cənab Prezident!
Sizi - dövlətçiliyimizin xilaskarını, Azərbaycanımızın bəşər tarixinə bəxş etdiyi nadir şəxsiyyəti anadan olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı və dövlətimizin tərəqqisi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Əziz Prezident!
Qədirbilən xalqımız işıq dolu bu gözəl may günlərində öz ümummilli liderinin yubileyini el bayramı kimi böyük sevinc və qürur hissi ilə qeyd edir. Siz bütün ömrünüzü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və inkişafına həsr edərək, milli tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmısınız. XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər məhz Sizin şərəfli adınız və möhtəşəm fəaliyyətinizlə bağlıdır. İrəlini görmək bacarığınız, strateji təfəkkürünüz, xalqımızın yolunda hər cür fədakarlığa hazır olmağınız Sizə böyük nüfuz gətirmişdir.
Azərbaycana ilk dəfə rəhbərlik etdiyiniz 1969-1982 -ci illərdə misilsiz idarəçilik qabiliyyətiniz və gərgin zəhmətiniz sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində coşğun tərəqqi dövrü yaşadı. Azərbaycan qısa zaman kəsiyində böyük bir inkişaf yolu keçərək, keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çixdı. Bu illər ən yeni tariximizə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə sovet imperiyası tərkibində olmasına baxmayaraq, Azərbaycanımızın gələcək müstəqilliyinin möhkəm təməli qoyuldu.
Möhtərəm cənab Prezident!
Moskvada, ittifaq rəhbərliyində, sonralar blokada şəraitində olan Naxçıvanda fəaliyyət göstərdiyiniz illərdə də Siz Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə qüvvə və bacarığınızı əsirgəməmisiniz. Ona görə də XX əsrin sonlarında xalqımız ikinci dəfə əldə etdiyi ən müqəddəs neməti - müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda məhz Sizi - fenomenal siyasi və dövlət xadimi olan ümummilli liderini haraya çağırdı. Siz isə canınızdan artıq sevdiyiniz xalqın imdadına çatıb hakimiyyətə qayıdaraq, ölkə qarşısında duran mürəkkəb problemləri məharətlə aradan qaldırmağa başladınız.
Sizin xilaskarlıq missiyanız nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, XX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu, öz dövlətçiliyini qoruyub saxlamaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu illərdə ölkəni dağılmaq, parçalanmaq həddinə gətirib çıxarmış siyasi, dövlət və hakimiyyət böhranına məhz Sizin yenilməz iradəniz, əzmkarlığınız və fədəkarlığınız sayəsində son qoyuldu, vətəndaş müharibəsi dayandırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı, milli ordu quruculuğunda əməli addımlar atıldı, cəbhə xəttində atəşkəs elan edildi. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında nizama salınması üçün danışıqlara başlanıldı. Ölkədə möhkəm ictimai- siyasi sabitlik yaradıldı, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair dünyanın tanınmış neft şirkətləri ilə müqavilələr imzalandı, ölkəyə külli miqdarda investisiya cəlb edildi, əsaslı siyasi, iqtisadi və sosial islahatlar aparıldı, demokratikləşdirmə prosesi geniş vüsət aldı. Torpaq öz sahibinə verildi, özəlləşdirmə həyata keçirildi. İnflyasiyanın qarşısı alındı, milli valyuta möhkəmləndirildi. Vətənimiz ardıcıl inkişaf yoluna çıxdı.
Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu. Cəmiyyət həyatının bütün sahələrində Avropa dəyərləri bərqərar edildi. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzası ləğv edildi, demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Sizin təşəbbüsünüzlə milli-mənəvi dəyərlərimizin qorunması, dilimizin tətbiqi dairəsinin genişləndirilməsi və inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası formalaşdırıldı.
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atıldı. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədi ilə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi.
Dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Sizin fəal iştirakınızla ölkənin demokratik dəyərlər üzərində qurulan möhkəm qanunvericilik bazası yaradıldı, inkişaf etdirildi və təkmilləşdirildi.
Azərbaycan bütov bir regionun siyasi və iqtisadi mənzərəsini dəyişə biləcək qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına çevrildi.
Müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqeləri möhkəmləndirildi. Bu gün Azərbaycan bir çox mötəbər beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tam hüquqlu üzvüdür. İlham Əliyev başda olmaqla Azərbaycan parlament nümayəndə heyəti bu nüfuzlu qurumda çox səmərəli fəaliyyət göstərir, Azərbaycan həqiqətlərinin - torpaqlarımızın işğalı, qaçqınlarımızın vəziyyəti ilə bağlı problemlərin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Təşkilatın 2003-cü il qış sessiyasında İlham Əliyevin yekdilliklə AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi Sizin həyata keçirdiyiniz müdrik xarici siyasətin yeni parlaq nailiyyətidir. Vaxtilə Kremlin zirvəsinə yüksələrək xalqımıza başucalığı gətirən Heydər Əliyev şəxsiyyətinin, onun yaratdığı siyasi məktəbin layiqli yetirməsi, davamçısı olan İlham Əliyevin bu gün Avropa Şurasının Parlament Assambleyasında yüksək zirvəni fəth etməsi hər bir soydaşımızı ürəkdən sevindirmişdir.
Əziz və möhtərəm cənab Prezident!
Qətiyyətlə və əzmlə həyata keçirdiyiniz müdrik daxili və xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikası bütün dünyada
böyük nüfuz qazanan, Cənubi Qafqaz bölgəsində və onun hüdudlarından kənarda söz sahibi olan güclü bir dövlətə çevrilmişdir. Sizin Vətən qarşısında göstərdiyiniz xidmətləri qədirbilən xalqımız misilsiz vətəndaşlıq hünəri, fədakarlıq kimi qiymətləndirir və Azərbaycanın rəmzinə çevrilmiş dahi rəhbəri ilə haqlı olaraq fəxr edir. Siz özünüzün parlaq insani keyfiyyətləriniz - müdrikliyiniz və mənəvi paklığınız, səmimiyyətiniz və adilliyiniz, mərdliyiniz və əzmkarlığınız sayəsində xalqımızın tükənməz məhəbbətini qazanmış, azərbaycanlılara xas olan müsbət keyfiyyətləri öz şəxsiyyətinizdə son dərəcə uğurlu şəkildə birləşdirmisiniz.
Əziz cənab Prezident!
Sizi - müstəqil dövlətçiliyimizin memarını və qurucusunu, xalqımızın xilaskarını anadan olmağınızın 80 illiyi münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!
Dərin ehtiram hissi ilə,
Azərbaycan Respublikasının
Milli Məclisi
(Təbrik Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 2 may tarixli iclasında qəbul edilmişdir).