İQTİSADİYYAT
Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir
Bakı, 22 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə oktyabrın 22-də Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.
Biznes forumu giriş sözü ilə açan AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq sloveniyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (SPİRİT Slovenia) direktoru Boştyan Skalar Sloveniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmişdir. Qonaq bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Sloveniya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.
AZPROMO-nun nümayəndəsi Ömər Əfəndiyev Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr və birbaşa xarici investisiyalar şöbəsinin müdiri Tanya Drobniç Sloveniyanın biznes və investisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.
Tədbirdə Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılmışdır.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.