MƏDƏNİYYƏT
Azərbaycan Tbilisidə açılmış “Caucasus Tourism Fair - 2012” Beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Gürcüstanın paytaxtı Tbilisidə “Caucasus Tourism Fair - 2012” Beynəlxalq turizm sərgisi açılmışdır.
Dünyanın müxtəlif ölkələrindən 200-dək şirkətin iştirak etdiyi sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi, “Geo Travel”, “Gilan Tourism”, “Ata Travel”, “Granit AS Travel” və “Millennium Tourism and Congress DMC” şirkətləri təmsil edirlər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu, Azərbaycanın 2012-ci ilin əvvəlindən indiyədək iştirak etdiyi on birinci beynəlxalq turizm sərgisidir.
Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 20 kvadratmetr sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Azərbaycan “Caucasus Tourism Fair” beynəlxalq turizm sərgisində artıq ikinci dəfədir ki, iştirak edir.
“Caucasus Tourism Fair-2012” Beynəlxalq turizm sərgisi aprelin 8-də başa çatacaqdır.