ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) 2013/2014-cü tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Bilik günü münasibətilə tələbələri təbrik etmiş, onlara gələcək təhsil illərində uğurlar arzulamışdır. Rektor ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, gənclərin biliklərə yiyələnmələri üçün yaradılan əlverişli şəraitdən və universitetin son illərdə qazandığı nailiyyətlərdən söhbət açmışdır. Universitetə göstərilən dövlət qayğısı nəticəsində bu ali təhsil müəssisəsinin maddi-texniki bazası gücləndirilmiş, texnika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində lazımi şərait yaradılmışdır. Hazırda Azərbaycanın müxtəlif dövlət strukturlarında çalışan kadrların əksəriyyəti AzTU-nun məzunları olmuşlar. H.Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Universitetin uğurlarından söz açan rektor qeyd etmişdir ki, 2013/2014-cü tədris ili üçün bu ali təhsil müəssisəsinə müxtəlif ixtisaslar üzrə 2.200 nəfər qəbul olunmuşdur. Onlardan 1.974-ü tələbə, 241-i isə magistrdir. Universitetdə 70-dən çox ixtisas üzrə kadrlar hazırlanır.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov, “Tempus” layihəsinin əlaqələndiricisi, Köln Tətbiqi Elmlər universitetinin professoru Rza Talebi Daryani tələbələri təbrik edərək təhsil illərində müvəffəqiyyətlər arzulamışlar.
Mərasimdə bu il qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetin avtomatika və kompyuter texnikası fakültəsinə daxil olmuş Ağa Valehli, biznesin təşkili və idarə edilməsi ixtisasına qəbul olmuş Nəzrin Şamxalova çıxış edərək uğurlarını ölkəmizdə gənclərə, elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirmişlər.
Sonda tələbə adını qazanmış, qəbul imtahanlarında yüksək bal toplamış gənclərə qiymət kitabçaları, xatirə hədiyyələri və tələbə biletləri təqdim olunmuşdur.