CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin nümayəndəsi Avropa Kardioloqlar Birliyinin diplomuna layiq görülüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) kliniki farmakologiya kafedrasının assistenti, tibb elmləri namizədi Arzu Bəydəmirova Avrasiya Kardioloqlar Birliyinin Rusiyanın paytaxtı Moskvada keçirilən konfransında iştirak edib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə A.Bəydəmirova “Aşağı fraksiyalı ürək çatışmazlığı olan yaşlı xəstələrdə sakubitril/valsartan preparatının (yuperio) sol mədəciyin arterial parametrlərinə təsirinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Mövzu aktuallığına və işlənmə metoduna görə münsiflər heyəti tərəfindən fərqləndirilib və diploma layiq görülüb.
Qeyd edək ki, 800-dən çox mütəxəssisin iştirak etdiyi tədbirin plenar iclası internet vasitəsilə canlı yayımlanıb. Toplantıda müxtəlif ürək xəstəliklərinin diaqnostikası və müalicəsi, xüsusilə ürək çatışmazlığının farmakoterapiyasında təsadüf edilən yeniliklərlə bağlı geniş müzakirələr təşkil olunub. Müxtəlif ölkələrdən olan kardioloqlar fərqli mövzularla əlaqədar fikir mübadiləsi aparıblar.