ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri İspaniyada təlimlərdə iştirak ediblər
Bakı, 30 may, AZƏRTAC
Avropa İttifaqının “TEMPUS” proqramının VI çağırış üzrə dəstəklənmiş “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsi çərçivəsində İspaniyanın Girona və Barselona şəhərlərində keçirilmiş təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Məmməd Əliyev və Sara Bağırlı da iştirak ediblər.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, təlimlər əsasən Girona Universitetində və Barselona şəhərindəki turizm məktəblərində təşkil olunub. Girona Universitetinin müəllimləri tərəfindən keçirilmiş təlimlər qrafikinə “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsinin davam etdirilməsi, “TEMPUS” proqramı ilə bağlı müzakirələr, tədris-metodik vasitələrin müqayisəli öyrənilməsi və s. məsələlər daxil idi.
Təlim iştirakçıları müvafiq dərslərin dinləyicisi olmaqla yanaşı, İspaniyanın bir sıra istehsalat müəssisələrinə səfər ediblər. Universitetin müəllimləri tərəfindən təlim iştirakçıları üçün planlaşdırılmış məruzə saatları turizm ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulduğundan tədris fənləri zəruri vasitə və metodların təsviri, eləcə də tədris proqramlarının geniş izahı müstəvisində aparılıb. Təlim zamanı iştirakçılar ölkənin təlim-tədris metodikasına dair ətraflı məlumat əldə etmək imkanı qazanıblar. Mehmanxana nəzdində turizm məktəblərinin fəaliyyət göstərməsinin ixtisaslı kadr hazırlığı prosesində əhəmiyyətli amil hesab edildiyi nəzərə çatdırılıb.
ATMU-nun nümayəndələri Girona Universitetinin müasir informasiya kommunikasiya texnologiyaları ilə yüksək səviyyədə təchiz edildiyini, bəzi ixtisaslar üzrə nəzəri biliklərin təcrübə ilə üzvü surətdə əlaqələndirildiyini və tələbələrin bilik səviyyələrinin qiymətləndirilməsi formalarının bir qədər fərqli olduğunu bildiriblər.