ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Litvada növbəti təlimdə iştirak ediblər
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı “Erasmus+” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində keçirilən təlimlərdə iştirak ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universiteti təmsil edən Tədris-metodiki şöbəsinin müdiri Simnar Mamedov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Faina Qaçabəyova beş gün davam edən təlimlərdə keyfiyyətin ümumi idarə edilməsi (TQC) konsepsiyası, planlaşdır-icra et-yoxla-tədbir gör (PDCA) modeli, problemlərin həlletmə üsulları, dəyişikliklərin idarə edilməsi mövzularını əhatə edən seminarların iştirakçısı olublar.
Təlimlərdə Litvanın İqtisadi Məsləhət və Tədqiqat Qapalı Səhmdar Cəmiyyətinin təhsil ekspertləri Alvidas Punis və Laura Senkeviciuten benefisiar universitetlərdə tətbiq olunacaq QPR proqram təminatı portalından istifadə haqqında iştirakçılara məlumat veriblər. Bundan başqa, iştirakçılar SMK Sosial Elmlər Tətbiqi Universitetinin nümayəndəsi xanım Inga Juknyte-Petreikiene tərəfindən keçirilən təlim-tədris yönümlü praktiki təlimlərdə gündəliyə daxil edilən tapşırıqların icra olunmasına qatılıblar.
Sonda təlim və tədbirləri əks etdirən videoçarx nümayiş olunub. Layihənin növbəti mərhələsində qazanılan təcrübə əsasında ATMU-da müəllim və inzibati heyət üçün təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.