SİYASƏT
Azərbaycan Ukrayna XİN yanında Ukrayna Diplomatik Akademiyasında keçirilən beynəlxalq konfransda təmsil olunmuşdur
Kiyev, 23 may (AZƏRTAC). Bu gün Ukrayna Diplomatik Akademiyasının (UDA) Elmi Şuranın zalında “Peşəyönümlü xarici dilin tədrisi prosesində innovasiya texnologiyaları” mövzusunda V Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Forumda Kiyevdə akkreditə edilmiş diplomatik korpusun, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gəlmiş məşhur linqvist alimlər, Ukraynanın aparıcı ali məktəblərinin rektorları və başqaları iştirak etmişdir.
Yeri gəlmişkən, konfransda Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və Fransa təmsilçiləri iştirak etmişdir.
Konfransı giriş sözü ilə UDA-nın rektoru vəzifəsini icra edən professor Nataliya Tatarenko açmışdır.
Forumun moderatoru, UDA-nın xarici dillər kafedrasının müdiri dosent Nataliya Şpak tədbirin azərbaycanlı iştirakçısına çıxış üçün söz verməzdən əvvəl vurğulamışdır ki, Bakıda keçirilən müvafiq beynəlxalq konfransda olarkən, Azərbaycanda vətəndaşlara, ilk növbədə gənclərə xarici dillərin öyrədilməsi üzrə dövlət proqramının çox uğurla həyata keçirildiyini yəqin edərək, sözün yaxşı mənasında heyrətlənmişdir. N.Şpak onu müşayiət edən azərbaycanlı tələbələrin ingilis dilini bilmək səviyyəsini yüksək qiymətləndirmişdir.
Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin ikinci katibi Sabir Rzayev səfir Eynulla Mədətlinin tədbir iştirakçılarına səmimi təbriklərini çatdırmış, sonra diplomatiya sahəsində dil hazırlığının xüsusiyyətləri barədə danışmışdır.
UDA-nın rektoru vəzifəsini icra edən professor Nataliya Tatarenko forumun yekunları barədə AZƏRTAC-a müsahibə vermişdir. O, Azərbaycan tərəfinə konfransda iştirak etməsinə görə təşəkkürünü bildirərək Azərbaycanlı həmkarları ilə, o cümlədən Azərbaycanın Ukraynadakı səfirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulamışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev