ELM VƏ TƏHSİL
Azərbaycan və Çili elm, mədəniyyət müstəvisində
Bakı, 23 noyabr, Pərvanə İmanova, AZƏRTAC
Noyabrın 23-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Çili elm, mədəniyyət müstəvisində” mövzusunda növbəti elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, ictimai birliyin sədri, professor Naida Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Seminarın mövzusunun Azərbaycan ilə Çili arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğunu söyləyib. Bildirilib ki, hələ qədim dövrlərdən mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda bir çox qədim xalqların mədəniyyətləri iz qoyub. Bu gün mədəniyyətlərarası və dinlərarası dialoqların inkişafında böyük rol oynayan ölkəmiz multikulturalizmin mərkəzidir. Azərbaycanda həmişə başqa mədəniyyətlərin öyrənilməsinə böyük maraq göstərilib. Bugünkü seminarda da azərbaycanlı alimlər Çili haqqında apardıqları elmi tədqiqatlar barədə məlumat verəcək, ölkənin mədəniyyətindən, elmindən söz açılacaq.
Naida Məmmədxanova iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrdən, diplomatik münasibətlərdən, Azərbaycandakı multikultural mühitdən söz açıb.
BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən danışıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan bu mötəbər mədəniyyət ocağında Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkilinin qonaq olmasından məmnunluğunu bildirib. Prorektor bu cür tədbirlərin müxtəlif ölkələrin elmi, mədəniyyəti ilə tanışlıq baxımından əhəmiyyətini qeyd edib.
Gülnaz Abdullazadə Çili xalqının hər zaman öz azadlığı uğrunda qəhrəmancasına mübarizə apardığını söyləyib, buna baxmayaraq, bu ölkənin mədəniyyətinin və ədəbiyyatının inkişaf etdiyini bildirib.
Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Hara “Çili-Azərbaycan: diplomatik və mədəniyyət əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Qabriel Hara Çili ilə Azərbaycan arasında dostluq münasibətlərindən, diplomatik və mədəni əlaqələrdən söz açıb. O, ölkələrimiz arasında mədəni əlaqələrin hər zaman uğurla inkişaf etdiyini söyləyib.
Müasir dövrdə ölkəsində astronomiyanın sürətlə inkişaf etdiyini deyən diplomat bu sahədə görülən işlər barədə məlumat verib. Bildirib ki, Çilinin coğrafi mövqeyi son illərdə astronomiya sahəsində tədqiqat işlərini həyata keçirməyə imkan verir. Dünyada bu sahədə işlərin 75 faizi Çilinin şimalında həyata keçirilir. “Atakama” rəsədxanasında dünya astronomları çilili həmkarları ilə birgə “Kvazar” adlanan nəhəng ölçüdə qara dəlikdən müşahidələr aparırlar.
Qabriel Hara ölkəsinin tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, elm və təhsili, həmçinin Nobel mükafatına layiq görülmüş yazıçıları barədə məlumat verib.
Sonra “Pablo Nerudanın yaradıcılığında metafora”, “1973-cü il faciəsi” və “Çili musiqisi və mədəniyyəti” mövzularında məruzələr dinlənilib.
Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın tələbələri maraqlı konsert proqramı təqdim ediblər.