ELM VƏ TƏHSİL
Azərbaycan və Rusiya institutları əməkdaşlıq etmək niyyətindədir
Bakı, 5 iyul (AZƏRTAC). AMEA İnformasiya Texnologiyaları İnstitutunda Moskva Energetika İnstitutunun (MEİ) rektoru, professor Nikolay Roqalevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. İnstitutun direktoru, AMEA-nın akademik katibi Rasim Əliquliyev rusiyalı qonaqlara informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermişdir.
N.Roqalev də öz növbəsində MEİ-nin Rusiyada energetika, elektrotexnika, elektronika və informatika üzrə ən böyük texniki institutlardan biri olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, institut fundamental və tətbiqi elmi araşdırmaların aparılmasında, innovasiya sisteminin yaradılmasında və təkmilləşdirilməsində, həmçinin Rusiyanın dayanıqlı yüksəktexnologiyalı inkişafının təmin olunmasında yaxından iştirak edir. Müasir tədris korpuslarına, tədris və elmi laboratoriyalara, güclü eksperimental bazaya, təcrübə zavoduna, tədris-elmi istilik stansiyasına malik olan institutda hazırda dünyanın 68 ölkəsindən tələbə və doktorantlar təhsil alır.
Görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutu və MEİ arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, birgə layihələrdə iştirak, kadr və təcrübə mübadiləsi hər iki tərəfə fayda verə bilər.
Qonaqlar institutun “AzScienceNet” elm kompyuter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, həmçinin Elektron Kitabxana Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz edilmiş auditoriyalar ilə tanış olmuşlar.