İQTİSADİYYAT
Azərbaycan və Sinqapur arasında birbaşa yük hava əlaqəsi açılıb
Bakı, 28 iyun, AZƏRTAC
Silk Way West Airlines Azərbaycan və Sinqapur arasında birbaşa yük hava əlaqəsi açıb.
Silk Way West Airlines aviaşirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Silk Way West Airlines şirkəti Uzaq Şərqdə başqa bir istiqamət olan Sinqapura birbaşa müntəzəm uçuşa başlayıb.
Uçuşlar həftədə iki dəfə “B747-8F” yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcək.
Silk Way West Airlines şirkətinin əsas qərargahı olan Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.
Silk Way West Airlines aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda Silk Way West Airlines aviaşirkətinin hava gəmiləri parkına 3 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABŞ-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək.