İDMAN
Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkil etdiyi kriterium ötüşmələri davam edir
Bakı, 28 iyun (AZƏRTAC). Azərbaycan Velosiped İdmanı Federasiyasının Velopark ərazisində təşkil etdiyi kriterium ötüşmələri davam edir.
AZƏRTAC xəbər verir ki, kriterium ötüşmələri müxtəlif yaş kateqoriyası üzrə təşkil edilmişdir.
32 kilometr məsafəni əhatə edən U-23 və elitlər arasında keçirilmiş kriterium yarışının qalibi Elçin Qasımov olmuşdur. Bununla da idmançı öz hesabına 10 bonus xalı əlavə etmişdir.
Ceyhun İlyasov ikinci olmaqla 8 bonus xalı qazanmışdır. Ayxan İltifatlı isə üçüncü yerlə kifayətlənməklə aktivinə 6 xal yazdırmışdır. Digər velosipedçi Tağıyev Qurban dördüncü olmuşdur. Onun aktivində 5 xal vardır.
Yuniorlar və U-17 yaş kateqoriyası üzrə 28 kilometr məsafədə keçirilmiş kriterium yarışında Nicat Qarayev, U-15 yaş kateqoriyası (4,3 km) üzrə keçirilmiş yarışın qalibi isə Bakir Dadaşov olmuşlar.