MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzi naxçıvanlı məktəblilərdə zəngin təəssürat yaradıb
Bakı, 24 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıya gəlmiş naxçıvanlı məktəblilər martın 24-də Azərbaycan Xalça Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, məktəblilərə Xalça Muzeyinin yaradılması tarixi haqqında məlumat verilib.
Vurğulanıb ki, muzeyin ekspozisiyası Azərbaycan xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus cəhətlərini, həmçinin materiallarının, hazırlanma texnikasının, incə və çox dərin bədii xüsusiyyətlərinin ahəngdarlığını əks etdirir.
Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasında Azərbaycanın yeddi əsas xalça məktəbi - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. İnsan, heyvan, quş, bitki fiqurları formasında müxtəlif naxışlarla bəzədilmiş xalçalar sənət əsəri olaraq xalqın təsərrüfat həyatını və məişətini əks etdirir.
Sonra məktəblilər Beynəlxalq Muğam Mərkəzinə gediblər. Onlara məlumat verilib ki, Dənizkənarı Milli Parkda yerləşən Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dünyada təbliği istiqamətində reallaşdırdığı layihələr sırasında xüsusi yer tutur. Azərbaycan muğamının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənət növünün bənzərsizliyini bir daha təsdiqləyir.
Daha sonra uşaqlar tanınmış muğam ifaçılarının konsertinə baxıblar və onlarla görüşüblər.