MƏDƏNİYYƏT
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu nömrəsi nəşr olunub
Bakı, 1 avqust, AZƏRTAC
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu nömrəsi işıq üzü görüb.
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) gündəliyi, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, jurnalın bu sayında tarix elmləri doktoru, professor Vidadi Muradovun “Azərbaycan Qaraqoyunluları: yurdlar və xalçalar” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), sənətşünaslıq üzrə fəlsəfə doktoru Elşad Əliyevin “Dünyanın müxtəlif yerlərində antik və müasir geyimlər” nəşrində Səfəvi geyimlərinin təsviri (AMEA Memarlıq və İncəsənət İnstitutu), filologiya üzrə fəlsəfə doktoru Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda Ramazan və Qurban bayramı” (AMEA Folklor İnstitutu), tarix eləmələri doktoru İlhamə Məmmədovanın “Çay ənənəsi” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), tarix üzrə fəlsəfə doktoru Vüsalə Veysəlovanın “XIX-XX əsrin əvvəllərində Gəncəbasar bölgəsində zərgərlik sənəti” (Gəncə Dövlət Universiteti), tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin “Oğuz xalçaları- naxışlarla yazılmış tarix”, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun “XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Şimali Azərbaycanda etnodemoqrafik vəziyyət” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Ərtəgin Salamzadənin “Cənub bölgəsinin əlvan rəngləri”, Ellada Abbasovanın “Bayram xalqın mənəvi aynası kimi” (AMEA Memarlıq və İncəsənət İnstitutu), tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcovanın “Ovçular mağarası”, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Son Tunc- ilk Dəmir dövründə Azərbaycanın cənub-şərq bölgəsinin maldarlıq təsərrüfatı” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) və s. kimi materiallar yer alıb.
Jurnalın baş redaktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.
Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2018N30/ ünvanında tanış ola bilərlər.