MƏDƏNİYYƏT
Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyat müsabiqəsinin qaliblərinin adları məlum olmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsinin qaliblərinin adları məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, qalibləri müəyyən etmək üçün yaradılmış münsiflər heyətinə Xalq Yazıçısı Mövlud Süleymanlı rəhbərlik etmişdir. Komissiyanın tərkibinə Vaqif Səmədoğlu, Məmməd Oruc, Səlim Babullaoğlu, Əjdər Ol, Fərid Hüseyn və başqaları daxil olmuşlar.
Münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı nəsr əsəri” nominasiyasında Etimad Başkeçidin “Min yol mənə söylər” və Azər Allayın “Şax yeriyənlər” kitabları Yusif Səmədoğlu adına mükafata layiq görülmüşlər.
“Ən yaxşı şeir yaradıcılığına görə” nominasiyasında Mahir Qarayevin “Poetik silsilələr toplusu” və Vaqif Bəhmənlinin “Hamı” kitabları Əli Kərim adına mükafata layiq bilinmişlər.
“Ən yaxşı tənqid və esse” nominasiyasında isə Əsəd Cahangirin “Kim yatmış, kim oyaq” və Vilayət Quliyevin “Azərbaycanın Polşadakı siyasi mühacirlərinin irsindən” (rus dilində) kitabları Yaşar Qarayev adına mükafata layiq görülmüşlər.