REGİONLAR
Azərbaycana 2000 başa yaxın iribuynuzlu cins damazlıq heyvan və 700 başdan çox keçi gətirilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə cari ilin birinci yarısında “Aqrolizinq” ASC tərəfindən 2000 başa yaxın iribuynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin Azərbaycana gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov demişdir.
Nazir qeyd etmişdir ki, son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamağa başlamışdır. “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da bu baxımdan müstəsna əhəmiyyətə malikdir və bu sahədə xüsusi canlanmaya səbəb olacaqdır.
H.Əsədov vurğulamışdır ki, dünya təcrübəsində bu prosesi daha da sürətləndirmək məqsədilə paralel olaraq süni mayalanma və embrion köçürməsi təcrübəsindən də geniş istifadə edilir və aparılan müşahidələr bu üsulun daha ucuz olduğunu göstərir. Məhz bu səbəbdən ölkəmizdə də bu üsullara geniş tələbat yaranmışdır. Ona görə də respublikada bu işin beynəlxalq standartlara uyğun təşkili üçün dövlət başçısının müvafiq Sərəncamı heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına mühüm töhfə və daha bir dövlət qayğısıdır.
Nazir onu da bildirmişdir ki, Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə aparılan danışıqlar yekunlaşmaq ərəfəsindədir.