İQTİSADİYYAT
Azərbaycana qarşı təcavüzə son qoyulmayanadək Ermənistanın hər hansı regional layihədə iştirakı mümkün olmayacaq
Qəbələ, 25 may (AZƏRTAC). Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində müzakirə edilən məsələlər və iş adamları arasında keçirilən ikitərəfli görüşlərin üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri forumda iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, bu uğurların fonunda regionun yalnız bir ölkəsi - işğalçı Ermənistan bölgədə gedən proseslərdən kənarda qalmışdır. Şahin Mustafayev demişdir: “Ermənistanın Azərbaycana davam edən təcavüzü, qonşu ölkələrə ərazi iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdən kənarda qalmışdır. Bu səbəbdən də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanan Ermənistan təcavüzkar siyasətə son qoymayanadək onun hər hansı bir regional layihədə iştirakı mümkün olmayacaqdır”.