İQTİSADİYYAT
Azərbaycana qeyri-qanuni yolla mobil telefon gətirən şəxslər gömrükçülər tərəfindən saxlanmışlar
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycana qeyri-qanuni yolla mobil telefon gətirən şəxslər gömrükçülər tərəfindən saxlanmışlar.
Bir qrup şəxsin Dubay-Moskva-Bakı tranzit aviamarşrutu ilə malları Azərbaycana “yaşıl kanal” vasitəsilə gömrük sərhədindən qeyri-qanuni yolla keçirəcəkləri barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əldə olunmuş məlumata əsasən mobil telefonları respublikaya qeyri-qanuni yolla gətirmək üçün Bakıdan Dubaya gedən Fuad Babayev nəzarətə götürülmüşdür. Moskva-Bakı reysi ilə yaxın qohumu Nurəli Cəfərovla birlikdə gələn F.Babayev gömrük nəzarətindən “yaşıl kanal”dan keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır.
Gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl nə yazılı, nə də şifahi formada bəyan olunmamış 70 “BlackBerry Pearl 9105” mobil telefonu və onlara aid qutular, aksessuarlar aşkar edilmişdir.