İQTİSADİYYAT
Azərbaycanda avtomobillərin peyk monitorinqi xidməti bazarının tədqiqatı keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Simsiz Texnologiyalar Assosiasiyası tərəfindən Azərbaycanda avtomobillərin peyk monitorinqi xidməti bazarının tədqiqatı keçirilmişdir. Tədqiqat zamanı A+A , “Matrix” və “Caspian Navitel” şirkətlərinin nəqliyyatın peyk monitorinqi üzrə xidmətləri araşdırılmışdır.
Assosiasiyadan AZƏRTAC-a bildirmişlər ki, tədqiqatın nəticələrinə görə, Azərbaycan bazarında nəqliyyat vasitələrinə quraşdırılan ən bahalı avadanlığı “Caspian Navitel” 350 manatdan, A+A şirkəti 300 manatdan, “Matrix” şirkəti isə 230 manatdan başlayaraq təqdim edir.
“Caspian Navitel” şirkəti Rusiyanın “Omnikom”, A+A şirkəti “Mobiliz” (Türkiyə), “Matrix” isə “Wialon-Gurtam” şirkətinin (Belarus) proqram təminatını tətbiq etmişdir. “Caspian Navitel” və A+A şirkətlərinin təklif etdiyi proqram təminatında yalnız ingilis və rus dilləri istifadə olunur. “Matrix” şirkəti isə Azərbaycan dili də daxil olmaqla 12 dilli interfeys təqdim edir. Bu şirkətlər arasında yalnız “Matrix” plan texniki xidmət və marşrutlar modulunu (xüsusən reys nəqliyyatı üçün) təklif edir.
“Matrix”in məlumatların saxlama müddəti (sürətli yaddaş) 2 il, “Caspian Navitel”in bir il, A+A şirkətinin isə üç aydır. Şirkətlərdən yalnız “Matrix” marşrutların, geozonun, hesabatların, tərəf proqramların məlumatlarının ixracı/idxalı kimi xidmətləri, həmçinin giriş hüquqlarının çoxmərhələli yaratma sistemini, tərəf proqramlarının (ActiveX) dəstəklənməsini, motosaatların real hesablanmasını təqdim edir. “Caspian Navitel” və A+A şirkətlərindən fərqli olaraq “Matrix”in çevik billinq sistemi vardır.
“Matrix” şirkəti Azərbaycan üzrə avadanlığın pulsuz quraşdırılması xidmətindən istifadə edir, A+A və “Caspian Navitel” isə regionlarda quraşdırılma üçün əlavə ödəniş tələb edir.
Qeyd etmək lazımdır ki, nəqliyyatın peyk monitorinqi peyk naviqasiya sistemləri, mobil və ya radiorabitə avadanlığı və texnologiyası, hesablama texnikası və rəqəmli xəritələr əsasında qurulmuş hərəkət edən obyektlərin monitorinq sistemidir. Nəqliyyatın peyk monitorinqi yüklərin və avtoparkın avtomatlaşdırılmış idarə edilməsi sistemlərində nəqliyyat logistikası məsələlərinin həlli üçün istifadə olunur.