İQTİSADİYYAT
Azərbaycanda davamlı tikinti və ekoinnovasiyalar üzrə beynəlxalq konfrans keçirilir
AZƏRTAC xəbər verir ki, tədbirdə arxitektor, konstruktor və mühəndis qərarlarının icrası zamanı ətraf mühitə zərərli təsirlərin azaldılması istiqamətində beynəlxalq təcrübənin, daşınmaz əmlak obyektlərinin ekoloji cəhətdən sertifikatlaşdırılmasının təbliğ edilməsinə dair çıxışlar dinlənildi, müzakirələr aparıldı.
Azərbaycan Yaşıl Tikinti Şurasının (AzGBC) icraçı direktoru Fuad Bağırov bildirdi ki, dünyada texnologiyaların qurulması, binaların tikilməsi, infrastrukturların yaradılması zamanı ekologiyaya aid tələblərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Avropada, Amerikada ötən əsrdən başlayaraq “yaşıl tikinti” normaları müəyyənləşdirilib. Azərbaycan da bu işlərin tətbiqi üçün beynəlxalq təcrübədən yararlanacaq.
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev qeyd etdi ki, dünyada yaşıl standart, enerji səmərəliyini özündə əks etdirən normativ sənədlər geniş vüsət almaqdadır. Biz də bunu nəzərə alaraq tikinti obyektlərinə uyğunluğun qiymətləndirilməsi tədbirləri ilə bağlı müvafiq standartlar hazırladıq və bunu dövlət standartı kimi qəbul etdik. Məqsəd müxtəlif tikinti layihələrində və tikinti mərhələlərində qoyulan ekoloji tələblərin qiymətləndirilməsindən ibarətdir.
Rusiyadan olan nümayəndə Andrey Ptiçnikov bildirdi ki, onlar bir neçə ekoloji pilot layihə həyata keçiriblər. İndi həmin layihələri Belarusda, Azərbaycanda tətbiq etmək istəyirlər.
Konfransda bir sıra xarici şirkətlərin və ADA-nın təmsilçiləri ekoloji təcrübələri və ekoloji problemlərin həlli ilə bağlı təqdimatlarla çıxış etdilər. AzGBC-nin xüsusi təqdimatı oldu, Azərbaycanda “yaşıl tikinti” cəmiyyətinin yaradılması ilə bağlı müzakirələr aparıldı.
İki gün davam edəcək konfrans “ADA” Universitetinin, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilir.