İQTİSADİYYAT
Azərbaycanda dövlət ilkin vaxt və tezlik etalonu təsdiq edilmişdir
Bakı, 14 aprel (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycanda dövlət ilkin vaxt və tezlik etalonu kimi təsdiq edilmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu (Fluke910R) və taymer-sayğacı analizator (Fluke6690) daxildir.
Vaxt və tezlik etalonunun əsas prinsipi “sezium” elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib vaxt və tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir.
Etalon rabitə, nəqliyyat, istehsal, tibb və digər sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcəkdir. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də vaxt və tezlik etalonu vasitəsilə həyata keçiriləcəkdir.