İQTİSADİYYAT
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4953,1 min nəfər olub
Bakı, 16 iyul, AZƏRTAC
Bu il iyulun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4953,1 min nəfər olub. Onlardan 4707,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
İyunun 1-nə muzdla işləyənlərin sayı 1501,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,3 min nəfər, qeyri-dövlət sektorunda isə 610,4 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1467,3 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,5 faizi tikintidə, 6,1 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.