SİYASƏT
Azərbaycanda kənd təsərrüfatı sahəsinə və ərzaq təhlükəsizliyinə xüsusi qayğı göstərməklə qeyri-neft sektorunun inkişafı diqqəti cəlb edən məsələlərdir
Bakı, 14 iyun (AZƏRTAC). Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın və Kredi Aqrikol Bankının prezidenti Jan-Mari Sander Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərmişdir.
Məktubda Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın bu il mayın 3-də Bakıda keçirilmiş konfransının çox uğurlu olduğu bildirilir. Dövlətimizin başçısının Konfederasiyanın üzvlərinə göstərdiyi diqqətin və qonaqpərvərliyin çox yüksək qiymətləndirildiyi diqqətə çatdırılır.
Jan-Mari Sander Azərbaycan Prezidentinin konfransın iştirakçılarına ünvanladığı məktubda Konfederasiyanın fəaliyyəti ilə əlaqədar ifadə etdiyi dəyərli fikirlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirir.
Məktubda deyilir: “Bakıda keçirilmiş konfrans bizə, həmçinin qədim tarixə, ənənələrə və zəngin mədəniyyətə malik Azərbaycanla tanışlığımız baxımından böyük imkanlar yaratdı. Eyni zamanda, bu konfrans bizə ölkənizin sürətli inkişaf templərinin səbəblərini daha yaxşı başa düşməyə imkan verdi”.
Bildirilir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirilməklə qeyri-neft sektorunun inkişafı diqqəti cəlb edən məsələlərdir. Konfransın nəticələri bu məsələlərlə bağlı kollektiv düşüncənin gələcəkdə yaxşılaşdırılmasına kömək edəcəkdir.