İQTİSADİYYAT
Azərbaycanda ödənişli avtomobil yollarının tikintisi nəzərdə tutulur VIDEO
Bakı, 2 may (AZƏRTAC). Azərbaycanda ödənişli avtomobilyollarının tikintisi nəzərdə tutulur. Bu, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan əlavəvə dəyişikliklər layihəsində əksini tapmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin müzakirələrinə əsasən ölkədə avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi ilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan əlavə avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yolboyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcəkdir.