SİYASƏT
AZƏRBAYCANDA SEÇKİLƏRİN ŞƏFFAF KEÇİRİLMƏSİNƏ TƏMİNAT VERƏN SEÇKİ QANUNVERİCİLİYİ MÖVCUDDUR
Bakı, 15 sentyabr (AZƏRTAC). Dekabrda keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyaların iştirakına münasibət bildirən Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və şərait təmin edilmişdir.
Əli Əhmədov qeyd etmişdir ki, hər bir partiyanın seçki kampaniyasında iştirak etməsi üçün hökumət və dövlət tərəfindən lazımi vəzifələr layiqincə yerinə yetirilir.
Azərbaycanda demokratik dəyərlər əsasında seçkilərin keçirilməsinə təminat verən seçki qanunvericiliyi mövcuddur. Seçki Məcəlləsi seçki kampaniyasına qoşulmaq istəyən, passiv seçki hüququndan faydalanmaq niyyətinə düşən hər bir vətəndaşın seçkiyə qatılmasına imkan yaradır. Bütün bunlar Azərbaycanın seçki mühitinin və seçkiqabağı vəziyyətinin reallıqlarıdır. Əgər hər hansı bir partiya bu gerçəklikləri öz dünyagörüşünə, partiya mənafelərinə uyğun şəkildə dəyərləndirərək qiymət verirsə, bunun reallığa heç bir aidiyyəti yoxdur.
YAP sədrinin müavininin sözlərinə görə, bələdiyyə seçkilərində iştirak edən partiyalar minlərlə layiqli namizəd müəyyənləşdirib irəli sürməlidir. Əgər partiya seçkilərdə iştirak edəcəksə, onun tərəfindən 20 minə yaxın namizəd irəli sürülməlidir. Bunlar partiyanın böyük potensilanın olmasından irəli gəlir.
Bundan başqa seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün təşkilati və insani resurslar tələb olunur. Bütün bunlar olmalıdır ki, bu və ya digər siyasi partiya bələdiyyə seçkiləri kimi kütləviliyi ilə seçilən seçki kampaniyasında yaxından iştirak etsin.
Açıq şəkildə demək lazımdır ki, bir sıra partiyaların bələdiyyə seçkilərində iştirak etmək üçün tələb olunan zəruri potensialı və imkanları yoxdur. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin partiyalar bu gerçəklikləri etiraf etmək əvəzinə, Azərbaycana böhtan atmaq yolunu tuturlar.