İDMAN
Azərbaycanda stolüstü tennis idman növünə böyük maraq göstərilir
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Azərbaycan Stolüstü Tennis Federasiyasının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyində (GİN) keçirilən konfransda nazir müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bildirilmişdir ki, 2013-cü il ölkə idmanı üçün çox uğurlu olmuşdur. İdmançılarımız 800-dək medal qazanmış, ölkəmizdə 57 irimiqyaslı idman tədbiri keçirilmişdir.
Uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran İ.İsmayılov hazırda bu siyasətin layiqincə davam etdirildiyini demişdir. Qeyd olunmuşdur ki, təkcə paytaxtda deyil, bölgələrdə də idman infrastrukturu təkmilləşdirilir və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.
İ.İsmayılov cari ilin ölkə idmanı üçün uğurlu olduğunu bildirmiş və 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini böyük uğur kimi qiymətləndirmişdir.
Stolüstü Tennis Federasiyasının baş katibi İbrahim Əfəndiyev bildirmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi idman strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İ.Əfəndiyev qeyd etmişdir ki, stolüstü tennis idman növünə bütün yaş təbəqələri böyük maraq göstərirlər. Artıq üçüncü dəfədir keçirilən bu tədbirin məqsədi ölkəmizdə stolüstü tennis idman növünün təbliğindən ibarətdir.
Bildirilmişdir ki, federasiya tərəfindən GİN-in dəstəyi ilə Almaniyanın “Tibhar” firmasının istehsalı olan 50-dən çox tennis stolu alınmışdır.
Sonda ölkəmizdə fəaliyyət göstərən 23 idman infrastrukturuna federasiya tərəfindən təmənnasız olaraq tennis stollarını əldə etmək üçün sertifikatlar verilmişdir.