İQTİSADİYYAT
AZƏRBAYCANDA TORPAQ İSLAHATLARI UĞURLA HƏYATA KEÇİRİLİR
YENİ AZƏRBAYCAN PARTİYASININ QƏRARGAHINDA MƏTBUAT KONFRANSI
AZƏRTAC xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov sentyabrın 28-də Yeni Azərbaycan Partiyasının qərargahında yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında başlanmış, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi aqrar islahatların sevindirici nəticələri barədə jurnalistlərə məlumat verən Qərib Məmmədov, rəhbərlik etdiyi qurumun ötən dövr ərzində gördüyü işlər, qurum tərəfindən həyata keçirilən tədbirlər barədə danışmışdır.
Azərbaycanda həyata keçirilən torpaq islahatları barədə danışan komitə sədri qeyd etmişdir ki, bu proses MDB məkanında analoqu olmayan xüsusiyyətləri ilə tətbiq olunmaqdadır və onun birinci mərhələsi artıq başa çatmışdır. Hazırda Azərbaycanın malik olduğu 8,6 milyon hektar müxtəlif keyfiyyətli torpağın 56,9 faizi dövlətin, 20,5 faizi isə bələdiyyələrin əlindədir. Bütövlükdə torpaqların 19,6 faizi həyata keçirilən islahatlar nəticəsində xüsusi mülkiyyətə çevrilmişdir.
Q.Məmmədovun sözlərinə görə, ölkənin 2032 kolxoz və sovxozu aqrar islahatla əhatə olunmuş, 41 təsərrüfatda islahatlar qismən reallaşdırılmış, 2 təsərrüfatda isə spesifik xüsusiyyətlərlə bağlı ümumiyyətlə aqrar islahatlar aparılmamışdır.
Komitə sədri qeyd etmişdir ki, komitə hazırda bələdiyyə torpaqlarının xəritələşdirilməsi və onların hüdudlarının müəyyənləşdirilməsi işi ilə məşğuldur. Məhz bu proses həyata keçirildikdən sonra torpaqlar bələdiyyələrə təhvil verilir. Qeyd olunmuşdur ki, obyektiv və subyektiv səbəblərlə əlaqədar mövcud 2744 bələdiyyənin yalnız 52-nə malik olduqları torpaqların hüdudlarını müəyyənləşdirən xəritələr təqdim olunmamışdır. Həmin bələdiyyələrin bəzisi Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə həmsərhəddir, bir qisim bələdiyyələr arasında isə torpaq mübahisələri mövcuddur. Komitənin əməkdaşları belə mübahisələrin məhkəmə yolu ilə həllindən sonra müvafiq sənədlərin təqdimatını həyata keçirirlər. Bundan əlavə, bir neçə bələdiyyə dövlət torpaq fondunda yerləşdiyinə görə həmin bələdiyyələrə müvafiq qanunvericiliklə uyğun sənədlərin verilməsi problemə çevrilmişdir.
Qərib Məmmədov torpaq xəritələrinin tərtibi istiqamətində də intensiv tədbirlərin həyata keçirildiyini nəzərə çatdırmışdır. Komitə sədrinin sözlərinə görə, hazırda ənənəvi xəritəçəkmə prinsipindən imtina edilmişdir və kompyuter texnologiyasına əsaslanan rəqəmli xəritələr istehsal olunur. Bu cür xəritələr yüksək dəqiqliyə malikdir. Xəritəçilik sahəsində əməli dönüş yaratmaq üçün Yaponiya hökumətindən 3,2 milyon dollar qrant alınmışdır. Bu vəsait hesabına Azərbaycanın 1:50000 miqyasında rəqəmli ümumi coğrafi xəritəsi tərtib edilmişdir. Hazırda coğrafiya informasiya sisteminin yaradılması üzərində iş aparılır. Bu sistem xəritələrin bütün sahələri əks etdirməsinə imkan verir, yəni burada torpaq və bitki örtüyü, heyvanat aləmi, ekoloji məsələlər, hətta torpağın mülkiyyət forması haqqında məlumatlar veriləcəkdir.
Xəritəçəkmə sahəsində komitənin uğurlarına toxunan natiq bildirmişdir ki, son bir ildə 20 adda müxtəlif xəritə və atlas tərtib olunmuşdur. AMEA-nın Tarix İnstitutu ilə birlikdə Azərbaycanın Tarixi Atlası hazırlanaraq nəşr edilmişdir. Növbəti əhəmiyyətli nəşr isə özündə ölkənin torpaq zonalarını, tiplərini, onun ekoloji qiymətləndirilməsini və digər məsələləri əhatə edən Azərbaycanın Torpaq Atlası olacaqdır.
Azərbaycanda cəmi 250 min həyətyanı torpaq sahəsinin olduğu və onun 3,5 milyon subyekti əhatə etdiyini deyən komitə sədri qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət torpaqlarının 50 min hektarı vətəndaşlar tərəfindən zəbt edilmişdir. Hazırda həmin torpaqların inventarlaşması aparılır.
Rəhbərlik etdiyi komitənin torpaqların istifadə və mühafizəsinə dövlət nəzarətini təşkil etmək istiqamətində də tədbirlər gördüyünü nəzərə çatdıran Q.Məmmədov bildirmişdir ki, bu sahədə sui-istifadə hallarına yol verilir, bu isə öz növbəsində ciddi qanun pozuntularına gətirib çıxarır. Komitə sədrinin sözlərinə görə, bu günə qədər torpaqların qeyri-qanuni zəbt olunması istiqamətində 2550-dən çox fakt aşkarlanmışdır. Bu qanun pozuntularının 1700-dən çoxu komitə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində aradan qaldırılmış, 300 nəfər torpaqdan istifadə ilə bağlı qaydaları pozduğuna görə cərimə olunmuşdur. Bu cərimələrdən dövlət büdcəsinə 40 min manat vəsait köçürülmüşdür.
Hazırda Azərbaycanın meşə fonduna daxil olan torpaqların ümumi sahəsinin 1 milyon hektar olduğunu nəzərə çatdıran Qərib Məmmədov, həmin torpaqların öyrənilməsi istiqamətində də tədbirlərin görüldüyünü bildirmişdir.
Su fondunun 150 min hektara bərabər olduğu, azyararlı və şərti yararsız torpaqların 37 faiz ərazini əhatə etdiyi qeyd olunmuşdur. Vurğulanmışdır ki, əkinçiliyin ehtiyat fondu hesab edilən həmin torpaqların sağlamlaşdırılması ilə əlaqədar tədbirlərin görülməsi üçün xəritələnməsi aparılır.
Sədr komitənin əlaqədar dövlət proqramlarının həyata keçirilməsində yaxından iştirak etdiyini diqqətə çatdırmışdır. Bu məqsədlə regionlarda fəaliyyət göstərən kadastr mərkəzlərinin sayının 14-ə çatdırıldığı qeyd olunmuşdur.
Torpaq bazarının da komitəyə həvalə olunduğunu bildirən Q.Məmmədov, həmin sahədə olan neqativ halların bələdiyyələr və digər torpaq mülkiyyətçilərinin qanunun tələblərinə əməl etməməsi nəticəsində meydana gəldiyini demişdir.
Mətbuat konfransında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi beynəlxalq əhəmiyyətli layihələrin icrasında komitə əməkdaşlarının üzərinə düşən vəzifələrin icra edilməsi vəziyyəti barədə də məlumat verilmişdir.
Konfransda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.