İQTİSADİYYAT
Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonad və mineral suları ixrac edəcək
Moskva, 6 fevral, AZƏRTAC
Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonadı və mineral suları ixrac edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Made in Azerbaijan" vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır.
Sərginin açılışında iştirakçı ölkələrin nümayəndə heyətləri, həmçinin Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko Azərbaycan pavilyonunu ziyarət edib, məhsullarımızın keyfiyyəti, ixrac potensialı ilə maraqlanıblar.
Sərginin ilk günündə Azərbaycanın "Tac" şirkəti Rusiya bazarına "Gülüstan" limonadı və mineral sularının ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab, qurudulmuş xurma, günəbaxan yağı, sərinləşdirici içkilər və s. məhsulların sərgidə iştirak edən Çin, Qazaxıstan, İsrail, Tayvan və Səudiyyə Ərəbistanına ixracına dair danışıqlar aparılır.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək "Prodexpo" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilyonlarında "Made in Azerbaijan" vahid ölkə stendləri ilə təmsil olunur. Pavilyonlarda Azərbaycanın 27 şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərabları, təbii mineral suları, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunur. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva