SİYASƏT
AZƏRBAYCANIN ALİ MƏKTƏBLƏRİNDƏ TƏHSİL ALAN MƏCBURİ KÖÇKÜN TƏLƏBƏLƏR BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanın ali məktəblərində təhsil alan 500-dək məcburi köçkün tələbə dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərinə, tanınmış universitetlərə, beynəlxalq təşkilatlara, tələbə birliklərinə müraciət qəbul etmişdir.
Bu barədə məlumatı Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vermişdir.
Azərbaycanlı məcburi köçkün tələbələrin müraciətini Bakı Dövlət Universiteti, Parlament Jurnalistləri Birliyi və Gənclər Təşkilatları Milli Şurası təşkil etmişdir. Müraciətdə bildirilir: Çağdaş zamanda hər kəs dünyanın bərabərhüqüqlu sakini hesab olunur. İndi sivilizasiyanın elə bir dövrüdür ki, insanlar bir-birilərinin problemlərinin həllinə yardımçı olmalıdırlar. Biz hesab edirik ki, müasir insanlar belə düşüncəyə malik olmalı, bir-birilərinə köməklik göstərməyi bacarmalıdırlar. Qloballaşan dünya da bundan keçir. Feodal düşüncə tərzi modern dünyanın tələblərinə tamamilə ziddir və yalnız elm, təhsil, mədəniyyət və insanlıq istiqamətində atılan addımlar Yer kürəsini firavanlığa apara bilər. Bütün bunlar həm də tələbə olaraq bizlərin arzularıdır. Amma bizlər XXI əsrdə elə bir problemlə üzləşmişik ki, belə məqamları yalnız feodal dövrünə aid etmək olar.
İyirmi ildən artıqdır ki, öz evimizə gedə bilmirik. Doğma Vətənimizi valideynlərimizin bizə danışdıqları təəssüratlarla xatırlayırıq. Dünyasını dəyişmiş valdeynlərimizin, əzizlərimizin qəbirlərini ziyarət etmək imkanımız yoxdur. Bir sözlə, XXI əsrdə yaşasaq da öz evimizə gedə bilmirik. Səbəbi isə məlumdur.
Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bizlərə qarşı əsl soyqırımı həyata keçirmişdir. İyirmi ildir ki, bu istiqamətdə aparılan danışıqlar Ermənistanın təqsiri üzündən nəticə vermir. Valideynlərimiz “Vətən” deyə-deyə dünyalarını dəyişirlər. Təbii ki, belə bir gərginlik bütövlükdə həyatımıza mənfi təsir göstərir, bütün inasani hüquqlarımızı pozur. Sual doğur. Belə olan halda biz nə etməliyik? Müharibəmi edək? Kütləvi insan qırğını ilə müşayiət olunacaq belə dəhşətlər indiki zamanda olmalıdırmı? Niyə Ermənstan bizim dünyamızı fəlakətə sürükləyir? Biz öz evimizə, doğma yurd-yuvamıza dönmək istəyirik. Bu, bizim haqqımızdır. Bu haqqımızın müdafiəsi üçün sizlərdən kömək istəyirik. Məhz 20 iyun-Beynəlxalq Qaçqınlar Günündə sizlərə müraciət edərək üzləşdiyimiz problemin həllində dəstəyinizi istəyirik. Bir anlıq ozünüzü bizim yerimizə təsəvür edin və öz evimizə qayırtmağmızda bizə kömək edin. Azərbaycanlı tələbələr öz həmyaşıdlarından, həmkarlarından cavab gözləyirlər.