SİYASƏT
AZƏRBAYCANIN BAŞ PROKURORU AVROPA ÖLKƏLƏRİ BAŞ PROKURORLARININ 8-Cİ KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycanın baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 1-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “İnsan hüquqlarının və ictimai maraqların cinayət hüququ sahəsindən kənar müdafiəsində prokurorluğun rolu” mövzusuna həsr olunuş Avropa ölkələri baş prokurorlarının 8-ci konfransında iştirak etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransa Avropa Şurasına üzv olan 40 dövlətdən 150-dən çox nümayəndə, eləcə də beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri, o cümlədən Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq, Avropa Şurasının insan hüquqları və hüquqi məsələlər üzrə baş direktoru Filipp Buala, Avropa Prokurorları Məşvərət Şurasının, Avropa Cinayət Problemləri Komitəsinin, Venesiya Komissiyasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri qatılmışlar.
Konfransın məqsədi Avropanın hüquq məkanında fəaliyyət göstərən, hüquqi və tarixi ənənələr əsasında formalaşmış statuslarına görə fərqlənən prokurorluqların insan hüquq və əsas azadlıqlarının, eləcə də ictimai maraqların cinayət təqibindən kənar çərçivədə müdafiəsində ümumi minimal funksional prinsiplərin müəyyən edilməsi olmuşdur.
Mövzu ətrafında Rusiya, Ukrayna, Fransa, İrlandiya, Macarıstan, Slovakiya, İsveçrə, Kipr, Belçika, Portuqaliya, Almaniya, Latviya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Venesiya Komissiyasının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və digər beynəlxalq qurumların təmsilçiləri bəyan edilmiş məsələ ilə bağlı milli təcrübəyə, beynəlxalq standartlara dair çıxışlar etmiş, fikir mübadiləsi aparmışlar.
Azərbaycan Respublikasında dövlətin, insanların və ictimai maraqların hüquqi müdafiəsi mexanizmində prokurorluğun rolunu qısa təhlil edən baş prokuror Zakir Qaralov onun statusunun ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində formalaşdığını, məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla bərabər prokurorluğun bir sıra nəzarət funksiyalarını həyata keçirərək, insan hüquq və azadlıqlarının, ictimai maraqların cinayət hüququndan kənar sahələrdə müdafiəsində səmərəli fəaliyyət göstərdiyini qeyd etmişdir. Natiq prokurorluğun bu sahədə uğurlu fəaliyyətinin əsasını Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ölkə iqtisadiyyatının güclənməsinə, insanların rifah halının yaxşılaşdırılmasına, bunun nəticəsində cəmiyyətdə gedən demokratikləşmə proseslərinin dərinləşdirilməsinə, siyasi institutların fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş siyasətinin təşkil etdiyini vurğulamışdır.
Baş prokuror konfrans iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə yönəltmişdir. Bildirmişdir ki, Avropa Şurasının üzvü olan suveren Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən silahlı işğala məruz qalmışdır. Bu ərazidə etnik təmizləmə aparılmış, minlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, bir neçə nəsil yerli əhalinin əsrlərlə yaratdığı maddi dəyərlər talan edilmiş, onlarla şəhər, qəsəbə, kəndlər dağıdılmış, bütün infrastruktur məhv edilmişdir. Azərbaycan dövlətinin problemin həllinə yönələn səyləri Ermənistan tərəfinin destruktiv mövqeyinə görə heç bir nəticə verməmiş, 15 il ərzində bütün beynəlxalq ictimaiyyətin gözü qarşısında davam edən bu haqsızlıqlar dövlətimizin qarşısında duran vəzifələrin, o cümlədən insan hüquq və azadlıqlarının təmin olunması sahəsindəki öhdəliklərin yerinə yetirilməsinə, bu sahədə fəaliyyət göstərən dövlət təsisatlarının işinə əlavə çətinliklər yaratmışdır.
Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Avropa Şurasının baş katibi Terri Devis, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Tomas Hammerberq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Eqbert Meyer, Rusiyanın baş prokuroru Yuri Çayka, Çex Respublikasının baş prokuroru Renata Veseka, Moldovanın baş prokuroru Valeri Qurbulya, Litvanın baş prokuroru Alqimantas Valantinas ilə, Avstriya, Ukrayna, Türkiyə, Gürcüstan prokurorluqlarının nümayəndə heyətlərinin rəhbərləri və bir sıra digər rəsmi şəxslərlə məhsuldar görüşlər keçirmişdir. Görüşlər zamanı konfransda müzakirə olunan məsələlər, eləcə də prokurorluq orqanlarının qarşısında duran vəzifələrin həllində beynəlxalq hüquqi əməkdaşlığın səmərəsinin artırılmasına dair fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində ingilis dilində nəşr edilmış insan hüquqları və əsas azadlıqlarının müdafiəsi sahəsində ölkədəki mövcud vəziyyəti əks etdirən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi” adlı kitabça, Dağlıq Qarabağ, məcburi köçkün və qaçqınlar problemlərinə dair təbliğat materialları - Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilmiş “Qarabağ həqiqətləri” kitabları, “Xocalı soyqırımı” diskləri konfrans iştirakçılarına paylanmışdır.