SİYASƏT
AZƏRBAYCANIN DİNİ KONFESSİYALARININ RƏHBƏRLƏRİ BİRGƏ BƏYANAT QƏBUL ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsində mətbuat konfransı keçirilmiş, Azərbaycanın əsas dini konfessiyalarının rəhbərləri tərəfindən 16 noyabr Beynəlxalq tolerantlıq günü ilə əlaqədar qəbul edilmiş Birgə bəyanatın mətni oxunmuşdur.
Bəyanatda deyilir ki, müasir qloballaşma, inteqrasiya və kütləvi miqrasiya dövründə tolerantlıq, dini dözümlülük xüsusi aktuallıq kəsb edir. Bütün əsas dinlər sözün geniş mənasında dünyanın müxtəlifliyi şəraitində şəxsiyyətin seçim sərbəstliyinə hörmət, insanın universal hüquqlarının qəbul edilməsi kimi başa düşülən tolerantlığın vacibliyini vurğulayır.
Bizim üçün Beynəlxalq tolerantlıq günü həm də əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin davam etdirilməsi deməkdir. 16 noyabr bizim regionda ilk dəfə məhz onun təşəbbüsü ilə Beynəlxalq tolerantlıq günü elan edilmişdir.
Ölkəmizdə tolerantlıq, dini dözümlülük, millətləararası sülh beynəlxalq normalara müvafiq olaraq qanunvericilik yolu ilə təsbit edilmişdir. Azərbaycan insan hüquqlarına dair bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində bu gün Azərbaycan təkcə iqtisadi göstəricilərə, ictimai-siyasi sabitliyə görə deyil, həm də tolerantlığa görə regionda liderdir. Buna görə də təsadüfi deyil ki, dünya birliyi və beynəlxalq təşkilatlar ölkəmizdə dövlətlə din arasındakı qarşılıqlı münasibətlər modelini nümunə göstərirlər.
Dini konfessiyaların rəhbərləri əmin olduqlarını bildirmişlər ki, respublika rəhbərliyinin sülhsevər və məqsədyönlü siyasəti sayəsində və dünya birliyinin dəstəyi ilə Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılacaq, bir milyondan çox qaçqın və məcburi köçkün doğma yurdlarına qayıdacaqdır.
Birgə bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr ata, Dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycandakı katolik kilsəsinin ordinatoru Yan Çapla imzalamışlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuat konfransında iştirak etmişdir.
######