CƏMİYYƏT
Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdə olub VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən “İDEX-2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün fevralın 18-19-da bu ölkədə işgüzar səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunub.
Sonra sərgidə nümayiş etdirilən fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilib. Həmçinin sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.