MƏDƏNİYYƏT
Azərbaycanın gənc musiqiçiləri Savonlinna yay məktəbində iştirak edirlər
Bakı, 30 iyun (AZƏRTAC). Finlandiyada ənənəvi Savonlinna yay məktəbi başlamışdır.
İyulun 4-dək davam edəcək bu nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edirlər.
“Azercell Telekom” MMC-nin dəstəyi ilə Bakı Musiqi Akademiyasının iki tələbəsi - vokal üzrə təhsil alan Aytac Şıxəlizadə və Nəzrin Zərbəliyeva Savonlinnadakı musiqi bayramına qatılmışlar. Azərbaycanlı gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru Tomas Krausenin rəhbərliyi altında kurs keçəcəklər.
“Azercell Telekom”dan AZƏRTAC-a bildirmişlər ki, Bakı Musiqi Akademiyası tələbələrinin Finlandiyaya səfəri haqqında razılaşma bu ilin fevralında baş tutmuşdur. Həmin vaxt “TeliaSonera” şirkətinin dəstəyi ilə Savonlinna Musiqi Akademiyasının professor heyəti Bakıda qonaq olmuşdu. Onlar Bakı Musiqi Akademiyasının yuxarı kurs tələbələrinə ustad dərsləri keçmiş, qala-konsert proqramı ilə çıxış etmişdilər. Qərara alınmışdı ki, Bakı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi təcrübəsini artırmaq üçün Finlandiyaya göndərilsin. Daha 6 gənc musiqiçinin dünya klassik musiqisinin məkanı sayılan Savonlinna yay məktəbində təcrübə keçməsi isə avqust ayında baş tutacaqdır.
Hər il bu məktəbə dünyanın hər yerindən istedadlı gənc musiqiçilər toplaşır. Bu proqram iştirakçılara zəngin təcrübə mübadiləsi aparmağa, həm də əsl sənətçilərdən dərs almağa imkan yaradır.
1950-ci ildə yaradılan Savonlinna Musiqi Akademiyasında dünya üzrə tanınmış musiqiçilər yetişdirilmişdir. Hər yay Musiqi Akademiyasının dəstəyi ilə Savonlinnada əsl musiqi bayramı keçirilir. Burada yay məktəbi ilə yanaşı, məşhur opera festivalı da təşkil olunur və əsl sənətçilərin ifasında məşhur əsərləri dinləmək istəyənlərin bu məkana toplaşmasına səbəb olur.