SİYASƏT
Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfiri etimadnaməsini Filippin prezidentinə təqdim etmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfiri Tamerlan Qarayev etimadnaməsini Filippin Prezidenti Beniqno Akinoya təqdim etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçmişdir. Azərbaycanın və Filippinin dövlət himnləri səsləndirilmiş, hər iki ölkənin bayrağı qaldırılmışdır.
Sonra Filippin Prezidenti Azərbaycanın səfiri ilə söhbət etmişdir.
T.Qarayev Azərbaycanın Filippin ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etmişdir. Səfir Filippin ilə qarşılıqlı faydalı əməkdaşlığın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin ölkəmiz üçün əhəmiyyətli olduğunu da vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan səfir münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir.
Filippin Prezidenti Beniqno Akino ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. O, Filippin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir. Beniqno Akino ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu çərçivədə Filippin hökumətinə səfirlik ilə sıx əməkdaşlıq etmək tövsiyələri veriləcəyini vurğulamışdır.
T.Qarayev ikitərəfli münasibətlərin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin və dövlətlər arasında hüquqi bazanın yaradılmasının vacibliyini qeyd etmişdir.
Prezident Beniqno Akino hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə müvafiq tapşırıqların veriləcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını söyləmişdir. Filippin Prezidenti Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik ölkə olması barədə məlumatlı olduğunu bildirmiş və ölkəmizə səfər etmək arzusunu diqqətə çatdırmışdır.
T.Qarayev Filippin Prezidentinin dəvəti ilə Manilada akkreditə olunmuş xarici ölkə nümayəndəliklərinin rəhbərləri üçün Yeni il münasibətilə keçirilmiş tədbirdə də iştirak etmişdir. Tədbir çərçivəsində Azərbaycan səfiri Filippin xarici işlər naziri və digər yüksək səviyyəli dövlət nümayəndələri ilə görüşmüşdür.