İQTİSADİYYAT
Azərbaycanın investisiya yatırdığı xarici ölkələr arasında həcminə görə birinci yeri Türkiyə tutur
Qəbələ, 25 may (AZƏRTAC). Hazırda ölkəmizdə 2 mindən artıq türk şirkəti, Türkiyədə isə 1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36 faizini türk şirkətləri təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 20,6 faiz artmışdır. Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində də iştirak edirlər. Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən 2,1 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub ki, bu vəsaitin 1,5 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın investisiya yatırdığı xarici ölkələr arasında həcminə görə birinci yeri Türkiyə tutur. Təkcə ARDNŞ tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 milyard ABŞ dolları investisiya yatırılacaqdır.