İQTİSADİYYAT
Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni layihələr GUAM-ın nəqliyyat koridorunun inkişafına töhfə verəcək
Kiyev, 8 dekabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur, regional nəqliyyat layihələri həyata keçiriləcək ki, bu da GUAM-ın nəqliyyat koridorunun inkişafına töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun nazirlər səviyyəsində keçirilən 18-ci videoiclasında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazir bildirib ki, həmin ərazilərdə nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması üçün artıq layihələrə başlanılıb.
R.Quluzadə çıxışında növbəti 2 il ərzində də Azərbaycanın GUAM-ın Nəqliyyat üzrə işçi qrupuna sədrlik edəcəyini açıqlayıb.
İclasda Ukrayna, Gürcüstan və Moldovanın müvafiq nazirliklərin rəhbərləri çıxışlarında GUAM çərçivəsində birgə nəqliyyat layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Videokonfransda GUAM-ın Yaponiya və İsraillə əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev