İQTİSADİYYAT
Azərbaycanın Mərkəzi Bankı tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlər gücləndirilir
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycanın Mərkəzi Bankında Daxili İşlər, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrinin iştirakı ilə milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı görüş keçirilmişdir.
Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirmişdir ki, ölkə iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaratmışdır. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında əlaqələndirmə işinin genişləndirilməsini tələb edir.
Bu istiqamətdə, Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha səmərəli idarə edilməsi üçün müvafiq struktur yaradılmışdır.
Eyni zamanda, A.Vəliyev son vaxtlar müəyyən məhsullar üzərində müxtəlif nominallı əsginazların imitasiyalarının geniş miqyasda yayılması faktlarının aşkar edilməsini və bununla əlaqədar əhali tərəfindən Mərkəzi Banka, o cümlədən digər dövlət qurumlarına çoxsaylı müraciətlərin daxil olmasını vurğulamışdır.
Müvafiq nazirliklərin nümayəndələri də bu məsələ ilə bağlı çıxış edərək belə halların əhalidə narazılıq yaratdığını və imitasiya olunmuş əsginazlar vasitəsilə müəyyən fırıldaqçılıq hallarının qeydə alındığını bildirmişlər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Mərkəzi Bankla aparılan son danışıqların nəticəsində hüquq mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılmış və onların pərakəndə satış müəssisələrindən yığışdırılması üzrə tədbirlərin görülməsinə başlanılmışdır.
Müzakirələrin sonunda aidiyyəti dövlət qurumları arasında pul nişanlarının saxtalaşdırılmasına qarşı əlaqələndirmə işinin gücləndirilməsi, eləcə də pul nişanlarının imitasiyasının məhdudlaşdırılması və onun reproduksiyası ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması barədə qərar qəbul olunmuşdur. Bununla yanaşı, dövlət qurumları ilə Mərkəzi Bank arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Görüşün sonunda müvafiq protokol imzalanmış, əhalinin, eləcə də bir sıra dövlət və kommersiya təşkilatlarının əməkdaşlarının milli pul vahidinin mühafizə elementlərinə dair maarifləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.