İQTİSADİYYAT
Azərbaycanın metrologiya sahəsindəki islahatları təqdir olunur
Bakı, 3 dekabr, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşəbbüsü ilə Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (KOOMET) keyfiyyət forumunun 15-ci və keyfiyyət forumunun texniki komitəsinin 18-ci iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “KOOMET”-ə üzv olan Almaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Slovakiya, Tacikistan, Türkiyə və Ukraynanın metrologiya təşkilatlarının nümayəndələri iştirak ediblər.
İclasda Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov ölkəmizdə metrologiya sahəsində görülmüş işlər barədə məlumat verib. “KOOMET”-in keyfiyyət forumunun sədri Andreas Odin Azərbaycanın metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib, üzv ölkələrin gələcək planlarının istiqamətlərini açıqlayıb.
Tədbir çərçivəsində milli metrologiya institutlarında keyfiyyəti idarəetmə sisteminin “KOOMET” auditorları üçün “Xarici auditin (yoxlamanın) aparılması” mövzusunda təlim-seminar keçirilib. Seminarda beynəlxalq səviyyəli mütəxəssislərin mühazirələri dinlənilib.
Seminarın yekununda iştirakçılara əldə etdikləri biliklərə dair müvafiq sertifikatlar verilib.