SİYASƏT
Azərbaycanın Novruz adət-ənənələri Liviya mətbuatında geniş işıqlandırılmışdır
Bakı, 25 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Liviyadakı səfirliyi dünya ictimaiyyətinin xalqımızın milli ruhunu yaşadan Novruz bayramı barədə məlumatlandırılması istiqamətində səylərini davam etdirərək bir sıra tədbirlər həyata keçirmişdir.
Səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatının ölkənin aidiyyəti qurumlarına çatdırılması məqsədilə Liviya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə, habelə ölkədəki diplomatik nümayəndəliklərə təqdim edilmişdir.
Azərbaycanın Liviyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, eyni zamanda, media nümayəndələri ilə keçirilən çoxsaylı görüşlərin nəticəsi olaraq Liviyanın aparıcı kütləvi informasiya vasitələrindən sayılan “Libya əl-Əxbariyyə” qəzetində “İslam xalqlarının irsindən nümunələr. Novruz bayramı” və “Azərbaycan Novruz bayramını qeyd edir”, “Fəsəniyə” qəzetində “Azərbaycanda Novruz bayramı şənlikləri”, Tadamun xəbərlər agentliyinin internet səhifəsində “Azərbaycanın Tripolidəki səfirliyi Novruz bayramını qeyd edir”, “Əl-Şuruq əl-Libiyyə” qəzetində “Azərbaycanın mədəniyyəti və adətləri” sərlövhəli məqalələr dərc olunmuşdur.
Məqalələrdə dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının bəşəriyyət tarixində mədəni, elmi və dini sahələrdə özünəməxsus iz qoyduğu qeyd edilir. Azərbaycanda hər il böyük təntənə ilə qeyd edilən Novruz bayramının baharın gəlişini, təbiətin canlanmasını və əkinçiliyin başlanmasını, eyni zamanda, insanlar arasında birlik və həmrəyliyi təcəssüm etdirdiyi bildirilir. Novruz bayramının tarixi və adətləri barədə geniş məlumat verilir.