SİYASƏT
Azərbaycanın Ombudsmanı BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin 27-ci iclasında və bu qurumun İnsan Hüquqları Şurasının 25-ci sessiyasında iştirak etmişdir
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Birləşmiş Millətlər Təşkilatının Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) Beynəlxalq Koordinasiya Komitəsinin Cenevrədə keçirilmiş 27-ci iclasında və BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 25-ci sessiyasında iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil komitənin ötən ilin hesabatı ilə tanış olmuş, gələcək əməkdaşlıqla bağlı irəli sürülən təkliflərin müzakirəsində iştirak etmişdir.
Bundan əlavə, Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən İHŞ-nin 25-ci sessiyasının münaqişə şəraitində uşaq hüquqları mövzusuna həsr edilmiş iclasında bəyanatla çıxış etmişdir.
Ombudsman bəyanatında bəşəriyyətin XXI əsrin insanlığa sülh və rifah gətirəcəyinə ümid etdiyini bildirmiş, lakin baş verən saysız təbii fəlakətlər, həmçinin müharibələr, silahlı münaqişələr nəticəsində çox sayda insanın həlak olmasının, insan hüquqlarının pozulmasını qeyd etmişdir. O, ölkəmizin üzləşdiyi hərbi münaqişə zəminində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon soydaşımızın üçdən birini məhz uşaqların təşkil etdiyini nəzərə çatdırmışdır.
E.Süleymanova azərbaycanlı məktəblilər- 9 yaşlı Farizin erməni hərbi snayperinin açdığı atəş və 13 yaşlı Aygünün ermənilər tərəfindən içinə partlayıcı qurğu yerləşdirilən oyuncaqla oynayarkən partlaması nəticəsində həyatlarını itirdiyini və bu hadisə ilə bağlı şagirdlərin topladığı 310 min imzanın BMT baş katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərildiyini bildirmişdir. O, eyni zamanda, Bakıda “Fövqəladə hallarda uşaq hüquqlarının müdafiəsi” mövzusunda keçirilmiş Beynəlxalq konfransda müharibə vəziyyətində uşaqlara təxirəsalınmaz yardımın təmin edilməsi ilə bağlı Bakı Bəyannaməsinin qəbul edildiyini diqqətə çatdırmışdır.
Müvəkkil bildirmişdir ki, müharibə vəziyyətində uşaqların hüquqlarının pozulması BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, “Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyası”na və digər beynəlxalq hüquqi sənədlərə, habelə BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının münaqişənin sülh yolu ilə həllinə dair müvafiq qətnamələrinə riayət olunmamasının nəticəsidir.
Bəyanatda bildirilmişdir ki, Azərbaycanın Xocalı şəhərində həyata keçirilmiş soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz soyqırımı aktıdır və qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı 1948-ci ildə qəbul edilmiş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün mənfur əməllər tətbiq olunmuşdur.
Qeyd olunmuşdur ki, artıq ABŞ-ın bir sıra ştatı, habelə Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çex Respublikası və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar.
Bu sessiya çərçivəsində keçirilən tədbirlərdən biri də psixiatrik klinikalarda işgəncələrin qarşısının alınması və ruhi xəstələrin hüquqları mövzusuna həsr edilmişdir. Müvəkkil həmin tədbirdə iştirak etmiş, bu sahədə görülən işlərlə bağlı beynəlxalq təcrübə ilə tanış olmuşdur.