İDMAN
AZƏRBAYCANIN PEŞƏKAR FUTBOL KLUBLARININ PREZİDENTLƏRİ AFFA İCRAİYYƏ KOMİTƏSİNƏ, FİFA VƏ UEFA-YA MÜRACİƏT ETMİŞLƏR
Martın 4-də “Neftçi” futbol klubunun bazasında peşəkar futbol klubları rəhbərlərinin növbəti yığıncağı keçirilmişdir. “Neftçi”-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda Azərbaycan futbolunda yaranmış böhran vəziyyətindən çıxış yolları müzakirə edilmişdir. Klub rəhbərləri AFFA İcraiyyə Komitəsinə, FİFA prezidenti Y.Blatterə, UEFA prezidenti L.Yohanssona və FİFA İcraiyyə Komitəsinin martın 5-də Madriddə keçiriləcək yığıncağına müraciət göndərmişlər. Müraciətdə deyilir:
Azərbaycan futbolunda yaranmış böhran peşəkar futbol klublarını ciddi narahat edir. Doqquz aydan artıqdır ki, ölkə futbolu idarəolunmaz vəziyyətdədir.
Biz FİFA və UEFA-nın işə qarışmasını, verdiyi tövsiyələri yüksək qiymətləndiririk. Futbol klubları bu tövsiyələrin, xüsusilə ötən il sentyabrın 20-də imzalanmış Sürix sazişi müddəalarının yerinə yetirilməsi istiqamətində kompromis addımlar ataraq, XII ölkə çempionatının başlamasına hazır olduqlarını dəfələrlə bildirmişlər. Lakin hadisələrin gedişi göstərmişdir ki, AFFA prezidenti Fuad Musayev vəziyyətin normallaşmasına, FİFA və UEFA-dan verilən tövsiyələrin yerinə yetirilməsinə maraq göstərmir, əksinə, siyasi bəyanatlar verir, səlahiyyət müddəti ötən il mayın 3-də bitmiş AFFA rəhbər orqanlarına seçkilərin keçirilməsi qayğısına qalmır. Sürix sazişinin pozulması istiqamətində AFFA-nın hərəkətləri aşağıdakılardan ibarətdir:
1. Sürix sazişinin birmənalı tələbinə zidd olaraq, hələ də “Şəfa” futbol klubunun AFFA-dan müstəqilliyi təmin olunmayıb. AFFA hələ də “Şəfa” futbol klubunun təsisçisi olaraq qalır.
2. Sürix sazişinə uyğun olaraq yaradılmış komissiyanın işləyib hazırladığı Nizamnamə layihəsi hələ də müzakirə üçün qəbul edilməyib. Həmin dəyişikliklərin əsas məzmunu Azərbaycan Respublikası qanunlarına uyğun olaraq, qeydiyyatdan keçmiş futbol təşkilatlarının, o cümlədən peşəkar futbol klublarının AFFA-nın işində demokratik iştirakını təmin etməkdir.
Diqqətinizə çatdırırıq ki, AFFA-dan FİFA və UEFA-ya futbolumuzdakı həqiqi vəziyyəti əks etdirməyən yanlış məlumatlar göndərilir. Çox təəssüf ki, belə yanlış məlumatlar əsasında FİFA İcraiyyə Komitəsi Azərbaycan milli yığma komandasını öz meydançasında çıxış etmək hüququndan məhrum etmişdir. Bunun məsuliyyəti öz şəxsi mənafeyinə uyğun məlumatları ilə FİFA və UEFA-nı da çətin vəziyyətə salan AFFA prezidenti Fuad Musayevin üzərinə düşür. Futbol klubları, regional futbol federasiyaları öz hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışlar. İndi Azərbaycan məhkəmələrində AFFA ilə bağlı proseslər davam edir.
Biz futbol oynamaq, Azərbaycanda zəngin ənənəsi olan bu oyunu peşəkar səviyyəyə yüksəltmək, futbolun inkişafına nail olmaq istəyirik. Futbolçuların ustalığını artırmaq, oyun təcrübəsini bərpa etmək məqsədi ilə turnirlər keçirilmiş, ölkə çempionatına hazırlıq işləri görülmüşdür. Indi həlledici mərhələyə qədəm qoymuş “Həmrəylik” turnirini də çempionat ərəfəsində qüvvələrə baxış məqsədi ilə keçiririk. Turnirə olan böyük maraq göstərir ki, tamaşaçılar futbol üçün darıxmışlar.
Azərbaycanın peşəkar futbol klubları FİFA-ya, UEFA-ya və AFFA İcraiyyə Komitəsinə müraciətlə bir daha XII ölkə çempionatına hazır olduqlarını bildirirlər. Bu il martın 22-də çempionata başlamaq və onu AFFA İcraiyyə Komitəsinin nəzarəti altında, qarşılıqlı komissiyanın iştirakı ilə keçirmək mümkündür.
Biz ümid edirik ki, AFFA İcraiyyə Komitəsi klubların çempionatı yüksək səviyyədə keçirməsi üçün bütün tədbirləri görəcək, bununla da Sürix sazişinin yerinə yetirilməsi istiqamətində mühüm addım atılacaqdır.
Müraciət “Neftçi”, “Qarabağ-Azərsun”, “Şəmkir”, “Kəpəz”, “Turan”, “Xəzər Universiteti”, MOİK, “Şahdağ”, “Ümid”, “Dinamo-Bakılı”, “Xəzər” futbol klubları prezidentlərinin yığıncağında yekdilliklə qəbul edilmişdir.