SİYASƏT
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİANLARI MİLAD GÜNÜNÜ QEYD EDİRLƏR
Bakı, 6 yanvar (AZƏRTAC). Bütün dünyanın pravoslav xristianları İsa peyğəmbərin mövludu gününü qeyd edirlər. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.
Milad bayramı dindarlar üçün ən böyük bayramlardan biridir. Onlar Xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər. Yeni tarix hesabı da həmin gündən başlanır.
Milad günündə küsülülər bir-biri ilə barışmalı, xeyir işlər görməlidirlər. Bütün kilsələrdə gecə səhərəcən ibadət edilir. Dindarlar bu bayramı öz evlərində də qeyd edirlər. Səmada ilk ulduz görünəndə bayram süfrələri açılır. Bu süfrədə israfçılıq etmək məsləhət görülmür - meyvə və şirniyyatla kifayətlənmək lazımdır. İnsanlar bir-birinə elə hədiyyələr bağışlayırlar ki, bu işıqlı bayram yadda qalsın.
Bütün dünyada olduğu kimi, Azərbaycanın pravoslav xristian icması da yeniliyin, əmin-amanlığın, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramını hər il təntənə ilə qeyd edir. Bayramla əlaqədar bu gecə ölkəmizdəki bütün pravoslav kilsələrində dini ayinlər keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xristian icmasını Milad günü münasibətilə təbrik etmişdir. Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma şəraitində, dinc yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında misilsiz rol oynadıqları vurğulanan təbrikdə deyilir ki, bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir.
Mütərəqqi tarixi-mədəni ənənələr üzərində bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, mövcud milli mənəvi həmrəylik, haqlı olaraq, ölkəmizi dünyada tolerantlıq örnəyi kimi tanıtmışdır.