İDMAN
Azərbaycanın qadın gimnastları Fransada keçirilən yarışlarda iştirak etmişlər
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycanın qadın gimnastları Fransanın Tye şəhərində Qran-Pri turnirinin növbəti mərhələsinin üç finalının və onun çərçivəsində keçirilmiş beynəlxalq turnirin iştirakçısı olmuşlar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, finala ilk vəsiqəni Marina Durunda qazanmışdır. O, təsnifat yarışlarında lentlə hərəkətlərdə 5-ci nəticə, çoxnövçülükdə isə 9-cu nəticə göstərmişdir.
Bu predmetlə finalda o, bir gün əvvəl yığdığı qədər xal (17.0) toplamış, lakin yerini qarşıdakı Avropa çempionatının keçiriləcəyi ölkədən - Avstriyadan olan rəqibinə verərək altıncı olmuşdur. Mükafatlı yerlərə gəldikdə isə, bu yerləri rusiyalı Marqarita Mamun, bolqar Silviya Miteva və belarus Melitina Stanyuta bölüşmüşlər. İkinci iştirakçımız Lalə Yusifova 23-cü yeri tutmuşdur.
Fərdi çıxış edən gimnastlarımızın bütün niyyətləri mayın sonunda keçiriləcək 2013-cü ilin Avropa çempionatı ilə bağlı olduğu halda, yaşlı qrup komandalarımız üçün ciddi sınaqlar yayda başlanacaqdır: dünya çempionatı Ukraynada avqust ayına planlaşdırılmışdır. Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyevadan ibarət milli komanda beynəlxalq turnirin hər iki finalına çıxmışdır. Kollektiv 3 halqa və 2 lentlə hərəkətdə daha yaxşı nəticə göstərərək altıncı yeri tutmuşdur. 5 cüt gürzlə kompozisiyaya görə qızlarımız yekun mövqe qazanmışlar. Fərdi yarışmada olduğu kimi, burada da Rusiya gimnastları birincilik əldə etmişlər, gümüş medal Çin komandasındadır, bürünc mükafatlar isə ispanlara qismət olmuşdur.
Gimnastların karavellası növbəti lövbərini Pireney yarımadasında salacaqdır. Aprelin 4-dən 7-dək Lissabonda dünya kubokunun bir mərhələsi və beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə həm yaşlılar, həm də ölkənin yeniyetmə idmançıları iştirak edəcəklər.
Kiyevdə isə idman gimnastikası üzrə beynəlxalq Stella Zaxarova kuboku keçirilmişdir. Yarışda Azərbaycan idmançılarından ibarət trio iştirak etmişdir. Burada Uğur Xəlilbəyli daha yaxşı göstərici əldə edərək sərbəst hərəkətlərdə 10-cu yeri tutmuşdur.
İki həftədən sonra - aprelin 17-dən 21-dək Moskva Avropa çempionatının iştirakçılarını qəbul edəcəkdir. Məhz bu səbəbdən idmançıların əksəriyyəti bu yarışları mövsümün başlıca startları ərəfəsində məşq hesab edir.