İDMAN
Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən dünya çempionatında iki medal qazanmışlar
Bakı, 17 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcəsində yarışan qızlar mübarizə aparmışlar.
Raqnetta Qurbanzadə (63 kq) 1/8 finalda Rumıniya güləşçisi Laura Yelena Gavriliucu məğlub etmişdir. Növbəti mərhələdə qazaxıstanlı Yekaterina Larionovanı da üstələyən güləşçimiz yarımfinala vəsiqə qazanmışdır. Yarımfinalda Raqnetta Qurbanzadə rusiyalı Svetlana Lipatova ilə görüşdən məğlub ayrılmışdır. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə çinli Kuanya Manı tam üstünlüklə məğlub etmiş və bürünc medal qazanmışdır.
Səbirə Əliyeva (72 kq) 1/8 finalda macarıstanlı Zsanet Nemethdən üstün olmuşdur. 1/4 finalda güləşçimiz serbiyalı Una Svetlana Tubanı da məğlub etmişdir. Yarımfinalda Yaponiya idmançısı Rino Abe ilə gərgin keçən qarşılaşmada məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə qazanmışdır.
Beləliklə, dünya çempionatında gənc qızların mübarizəsi başa çatmışdır. Yığma komandamızın üzvləri çempionatı 2 bürünc medalla tamamlamışlar.