REGİONLAR
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də Avropa bazarlarına böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxmaqdır
Bakı, 12 iyul (AZƏRTAC). Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir. Biz hədəf kimi bunu saxlayırıq, amma həm kənd təsərrüfatı, həm də sənaye sahəsində hazırlıq işləri getməlidir, bu islahatlar aparılmalıdır.