SİYASƏT
Azərbaycanın Qazaxıstandakı səfiri Astanada rus dilində çap olunan “Liter” qəzetinə müsahibəsində ölkələrimiz arasında əlaqələrin inkişafından danışmışdır
Astana 10 yanvar (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Astanada rus dilində çap olunan “Liter” qəzetinə müsahibə vermişdir.
Səfir müsahibədə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında ətraflı məlumat verərək bildirir ki, bu bayram ilk dəfə 1991-ci ildə Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunmuş və keçirilməyə başlanmışdır.
Müsahibəsində səfir Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən aşağıdakı sitatı gətirmişdir: ”Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi, mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir”.
Səfir qeyd etmişdir ki, 2012-ci ildə dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi tamam olmuşdur. Həm strateji, həm tərəfdaşlıq baxımından bu münasibətlər çox dinamik inkişaf edir və ötən il iki dövlət arasında mədəni-humanitar sahədə əməkdaşlıq çox fəallaşmışdır. Uzun illər ərzində hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir.
Qeyd olunur ki, keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycan ilk olaraq latın əlifbasına keçmişdir və Qazaxıstan bu istiqamətdə addımlar atır. Latın əlifbasına keçməklə Qazaxıstan türkdilli xalqlar arasında daha sıx əlaqələr qura bilər.
Müsahibədə vurğulanır ki, ölkələrimiz böyük birgə layihələr ərəfəsindədir. Kaşağan yatağından neft çıxarılmasına başlanandan sonra Azərbaycan və Qazaxıstan arasında mal mübadiləsinin həcminin artacağı gözlənilir. Kaşağan nefti Xəzər yükdaşıma sistemi, sonra isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılacaqdır. Bundan başqa, Qazaxıstan yükləri inşa olunan Bakı-Tbilisi-Qars dəmir yol xətti ilə də daşınacaqdır.
Materialda deyilir ki, bu il Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və xarici işlər naziri Erlan İdrisovun Azərbaycana rəsmi səfərləri gözlənilir. Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə görüşünün bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana