CƏMİYYƏT
Azərbaycanın Respublikasının Baş Prokuroru Türkiyənin və Fransanın Baş prokurorlarına müraciət etmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Xəbər verildiyi kimi, cari il fevralın 24-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət almışdır. Fevralın 26-da isə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov faktlarla bağlı Türkiyə Respublikasının Yarqıtay Baş prokuroruna, Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokuroruna və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokuroruna müraciət etmişdir.
Müraciətlərdə erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməlləri qəti şəkildə pislənilir, eyni zamanda, Türkiyənin və Fransanın hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılması, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş olunur.