İQTİSADİYYAT
Azərbaycanın statistikası Avropa standartlarına uyğunlaşdırılır
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Bakıda Avropa İttifaqının “Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymət indekslərinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı tvinninq layihəsi üzrə yekun konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Almaniya Federal Statistika İdarəsinin sədri Roderiç Egeler, Bolqarıstan Milli Statistika İnstitutunun rəhbəri Mariana Kotseva və başqaları çıxış edərək layihənin əhəmiyyətindən, görülən işlərdən, əməkdaşlığın perspektivlərindən danışmışlar.
Layihəni uğurlu hesab edən natiqlər bildirmişlər ki, məqsəd Azərbaycan statistikasını Avropa standartlarına uyğunlaşdırmaq, təkmilləşdirmək, bu sahədə imkanları gücləndirməkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Layihə ölkədə statistika imkanlarının gücləndirilməsinə töhfəsini verəcəkdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Almaniya Federal Statistika İdarəsi bir neçə illərdir ki, əməkdaşlıq edir. 2009-cu ildə birgə tvinninq layihəsinin başlanması ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Vurğulanmışdır ki, Azərbaycan tərəfdən olan əməkdaşların səylə çalışması və beynəlxalq ekspertlərin töhfəsi nəticəsində Avropa standartlarının tətbiqi sahəsində əldə olunmuş tərəqqi kifayət qədər yüksəkdir. Tərəflər üçün Azərbaycanın statistika imkanlarını gücləndirmək baxımından təcrübələrini paylaşmaq və birgə çalışmaq böyük məmnunluq doğurmuşdur.
Konfransda Avropa Statistika İdarəsinin, Almaniya, Bolqarıstan, Çexiya və Litvanın statistika təşkilatlarının rəhbərləri və mütəxəssisləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların, eləcə də əlaqədar nazirlik və qurumların təmsilçiləri iştirak etmişlər.